XOŞBƏXTƏM DEMƏYƏ HAQQIM VAR

Bizlərdən biri

XOŞBƏXTƏM DEMƏYƏ HAQQIM VAR

Əslində bizlərdən biri olsalar da, cəmiyyətdə tanınan, üzdə olan simalarla daha yaxından tanış olmaq marağından insanlar yan keçə bilmir. Biz də öz növbəmizdə mütəmadi olaraq “Bizlərdən biri” rubrikamızda tanınmışları oxucularımıza təqdim edəcəyik.

Bu yaxınlarda onun 55 yaşı tamam oldu. Sovet dönəminin Dünya və ikiqat Avropa çempionu, bu gün Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri, “Gömrükçü” İdman Sağlamlıq Mərkəzinin direktoru olan müsahibim haqqında araşdırma apararkən mənə elə gəldi ki, o, idmanla əkiz qardaşdır. Söhbət əsnasında Xəzər İsayev özü də bunu təsdiq etdi.

                                                                                  YOL

Elə bir ailədə dünyaya gəlmişəm ki, burada idmana biganə qalmaq mümkün deyildi. Ali idman təhsilli atam Ağaəli İsayev güləş idman növü ilə məşğul olub. Güləşlə vidalaşandan sonra müxtəlif təhsil ocaqlarında idman dərslərinin təlimini keçib. Belə bir mühitdə böyüyən biz beş qardaşdan dördümüz güləşlə məşğul olmuşuq. Lakin o zamanlar düşünməzdim ki, bu, idmana gedən yolun ilk addımlarıdır. Birinci sinifdə oxuyarkən rayon birinciliyində birinci yerə layiq görüldükdən, qalib olmağın dadını duyduqdan sonra səkkiz yaşım olmasına baxmayaraq, özlüyümdə bu yolla gedəcəyimi yəqin etdim. İbtidai sinfi bitirdikdən sonra idman sevdası məni Bakıya – İdman Təmayüllü orta İxtisas İnternat Məktəbinə  gətirdi. İdmana verilən üstünlüyə baxmayaraq, mən bütün fənlərə ciddi yanaşmışam. Çox vaxt təlim məşq toplantılarında olsam da, dərslərdən geri qalmağı, müəllimlərdən tənbeh eşitməyi özümə utanc bildiyimdən  buna şərait yaratmamışam və məktəbi müvəffəqiyyətlə bitirmişəm.

HAŞİYƏ: 8-ci sinifdə qazandığı ilk gümüş medaldan sonra qalibiyyət Xəzər İsayevin yolyoldaşı oldu. 6 dəfə Azərbaycan (1978-1983), dəfələrlə SSRİ, Dünya və Avropa çempionu kimi yüksək kürsüyə qalxıb. O, Azərbaycanın sərbəst güləş tarixində Aydın İbrahimovdan sonra ikinci Dünya çempionudur.

                                                                          ZİRVƏ

 Qazandığım ilk yüksək uğur 8-sinifdə oxuyarkən SSRİ məktəblilərinin spartakiadasında gümüş medal olub. Məktəbdə, ətrafda tanındığım, ailəmizə başucalığı gətirdiyim üçün qürur hissi keçirirdim. 15 yaşlı yeniyetmə üçün bu böyük nailiyyət idi və bu məndə Olimpiya oyunlarının, Avropa və Dünya çempionatlarının iştirakçısı olmaq kimi bir arzunun qığılcımını közərtdi. Onu da bilirdim ki, uğur, qələbə yalnız zəhmətlə qazanılır. Həm böyüdüyüm ailə, həm yaşadığım dövr məni zəhmətə alışdıraraq yetişdirib.

Mən ziyalı və kasıb bir ailənin övladı olmuşam. Valideynlərimin hər ikisi müəllim idi. Böyük bir ailəni dolandırmaq üçün atam həyətimizdə istişitillik quraraq orada tərəvəz becərirdi ki, ordan gələn gəlirlə ailənin ehtiyacı ödənsin. Atamın imkanı o istişitilliyin üstünün örtüyünü almağa yetirdi. Lazım olan taxta, mismar və sairəni biz qardaşlar ordan-burdan tapıb düzəldirdik. Bizi zəhmətə alışdırmaqla yanaşı, atam bizimlə birlikdə iş görə-görə ədəbiyyatdan, tarixdən elə maraqlı söhbətlər aparırdı ki, biz həm çalışır, həm də maariflənirdik.

Yaşadığım və zirvəyə qalxdığım dövr haqqında bütün söhbətlərimdə qeyd etmişəm, indi də deyirəm. Hazırda yaşadığımız dövrdə vaxtilə tərkibində 15 respublikanı birləşdirərək 71 il ərzində hegemon olan SSRİ adlı bir quruluşda yetişən insanlar – alim, ziyalı, bəstəkar, müəllim, həkim, idmançı, iqtisadçı – bu gün cəmiyyətin istənilən sahəsində çox böyük uğur və bacarıqla çalışır. Yaxşısı da pisinə qatılaraq yalnız tənqid olunan bu sistemi kökündən baltalamaq, böyük bir dövrü tarixdən silmək mümkün deyil. Mən dünənki sovet dövrünün yetirməsi bu gün dünya miqyasinda tanınan, demokratiya yolu ilə inamla irəliləyən, böyük uğurlara imza atan müstəqil Azərbaycanın  vətəndaşıyam. Və nə yaxşı ki, dövlətimə, millətimə, xalqıma layiq olmaq iqtidarına malikəm.

       VƏTƏN

 Müstəqil Azərbaycan bu gününə heç də asanlıqla çatmayıb. Böyük çətinlikdən, maneədən, müharibədən keçərək özünü dünyaya  tanıtmağa nail olub. İşğal altında olan torpaqlarımızdan heç vaxt keçməyəcəyimizi düşmən yaxşı bilir. Onu da bilir ki, o torpaqları müharibə yolu ilə almaq qüdrətimiz var. İki il əvvəl aprel döyüşləri bunu hamıya sübüt etdi. Biz kifayət qədər şəhid vermişik. Lazım gələcəksə yenə də verəcəyik. Güləş üzrə idman ustası olmuş qardaşım Müşfiq İsayev də qanlı yanvarın qurbanıdır. Vətən uğrunda şəhid olmaq ali zirvə olsa da, Ali Baş Komandan anaların övlad itkisi yaşamasını istəmir. Dövlət başçısı 1 milyon qaçqınına rahat şərait yaratsa da, onların öz torpaqlarına qayıdacağına heç kəsin şübhəsı olmasın.

Bu gün mənim üç rəngli bayrağım dünyanın hər yerində tanınır. Ölkə rəhbərinin yürütdüyü siyasət xalqın rahat, firavan gələcəyinə xidmət edir. İdmançı olduğum üçün bu sahədən danışmağım təbiidir. Müstəqil Azərbaycanın bugünkü başçısı İlham Əliyev prezidentliyə qədər bir neçə vəzifədən ayrılsa da, idmana rəhbərliyi bu gün də saxlayır. Bugünkü idmançılarımıza yaxşı mənada həsəd aparmaq olar, çünki onların arxasında qüdrətli böyük bir dövlət dayanıb. Onlar yüksək kürsüdə Azərbaycan bayrağına baxaraq, Azərbaycan himnini dinləyərək dayanır. Onları dəstəkləyən böyük bir azarkeş ordusu var. Belə bir şəraitdə idmançılarımızın çempion olmadan Vətənə qayıtmağı mümkün deyil.

Mən azərbaycanlı çempion olsam da, qalib kürsüsünə arxamda Vətənim, millətim olmadan qalxmışam, “Xəzər, güləş, biz səninləyik” sədalarına həsrət qalmışam. Ən böyük arzum Olimpiya çempionu adını qazanmaq olub. Gerçəkləşməyən bu arzum idman karyeramda ən ağrılı yerimdi.

 

                                                     XƏZƏR

 Nə vaxtsa hüquq-mühafizə orqanlarında işləyəcəyim ağlıma belə gəlməzdi. Həmkarlarım inciməsin, əvvəllər onlara heç də yaxşı münasibət bəsləmirdim. Bu da yəqin, yaşadığım dövrün abu-havasından irəli gəlib. İdmanda müəyyən  yaş həddi olduğundan, ikinci sənət lazım gəlir. Həyatda heç vaxt haqsızlıqla barışmamışam. İstər məktəbli, istərsə də  tələbə olduğum zamanlarda bir qolugüclünü özündən zəifi incidən görürdümsə, ilk  olaraq onun hərəkətinin yanlış olduğunu başa salmağa çalışmışam. Nəticəsiz olduğnu görəndə etiraf edirəm ki, güc tətbiq etmişəm, atalar demiş, bıcaq sümüyə dirənəndə dalaşmışam da. Yəqin ki, haqqın tərəfdarı olduğum üçün bu sahədə işləməli oldum.

Bu gün cəmiyyətdə hansı mövqedə olsam da, idman mənim həyat tərzimdir. Ulu Öndər Heydər Əliyevin bizlərə etdiyi: “İdman sahəsində hər birinizin fəaliyyəti, gördüyünüz işlər və əldə etdiyiniz nailiyyətlər Azərbaycan idmanının adını, şanını-şöhrətini yüksəldir” tövsiyyəsi yaddaşımın kəlamıdır. Bunun üçün güc və bacarığımı heç zaman əsirgəməmişəm. Beynəlxalq aləmdə haqqımızda olan yanlış fikirləri silərək 2015-ci ildə Ədalətli Oyunlar Konqresinin Bakıda keçirilməsinə nail olmaqla Vətənim üçün nə isə etmişəmsə, dahi insan, əvəzsiz siyasi xadim, müdrik rəhbər, Ümümmilli Iider Heydər Əliyev kimi bir şəxsiyyət tərəfindən “Şöhrət” ordeninə layiq gorülmək etimadını qazanmışamsa, xoşbəxtəm deməyə haqqım var.

 

Tamilla Teymurqızı                                                                                                                   

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …