Xəzər İsayev: “IV İslam Həmrəyliyi Oyunlarında qazanılan uğur Azərbaycan xalqının qələbəsi, təntənəsidir”

 

Ölkəmizdə idman yüksək sürətlə inkişaf edir. Dövlət səviyyəsində bu sahəyə göstərilən diqqət və qayğının nəticəsidir ki, təmsilçilərimiz ən mötəbər turnirlərdə uğurlar qazanırlar. Beynəlxalq idman qurumlarının Azərbaycana göstərdiyi etimadın nəticəsidir ki, paytaxtımız nüfuzlu idman yarışlarına ev sahibliyi edir. Mayın 12-dən 22-dək Azərbaycan daha bir mötəbər yarışa – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. İdmançılarımız bu yarışda onlara bəslənilən ümidləri doğruldaraq 75 qızıl, 50 gümüş, 37 bürünc medalla ümumi komanda hesabında birinci pillədə qərarlaşdılar. Sevindirici haldır ki, fərdi növlərlə yanaşı, komanda idman növlərində də yüksək nailiyyətlər əldə olundu. Bugünlərdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev Azərbaycan idmançılarının IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışı, qazanılan nailiyyətlərlə bağlı fikirlərini bizimlə bölüşdü.

– Azərbaycan idmançıları oyunlar başlayan ilk gündən bizi öz uğurlu çıxışlarıilə sevindirdilər. Təmsilçilərimiz yarışların son gününə qədər ölkəmizə qələbə sevinci yaşatdılar. Sevindirici haldır ki, yığmamız ümumi komanda hesabında birinci yerdə qərarlaşdı. IV İslam Həmrəyliyi Oyunlarında qazanılan uğur Azərbaycan xalqının qələbəsi, təntənəsidir. Bu nəticə Azərbaycanın dünyada idman ölkəsi olduğunu təsdiqlədi. Bütün atletlərimizi qələbə münasibətilə təbrik edirəm. Əlbəttə ki, bu nəticə ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən idmançılarımızın yüksək səviyyədə məşq etmələri, müxtəlif mötəbər yarışlarda iştirakı üçün hərtərəfli şərait yaradılır. Azərbaycanda ən nüfuzlu yarışlar təşkil olunur. IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə təşkili məhz Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın apardığı məqsədyönlü siyasətin nəticəsidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi altında oyunlar yüksək səviyyədə təşkil olundu. Ölkəmizə səfər edən nümayəndə heyətləri, rəsmilər, idmançılar üçün hərtərəfli şərait yaradılmışdı. IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimi isə öz möhtəşəmliyi ilə hamını heyran etdi. Burada Azərbaycanın milli mənəvi dəyərləri, mədəniyyəti, tolerantlığı nümayiş etdirildi. Bu oyunlar Azərbaycanın dünyada tanınmasında bir daha öz töhfəsini verdi.

Sevindirici haldır ki, oyunlarda medal qazanan idmançılar arasında Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun təmsilçiləri də var. Bu oyunlarda klubun yetirmələri 2 qızıl, 2 gümüş medal əldə etdilər. Bu, bizim üçün yüksək nailiyyətdir. Sözsüz ki, qazanılan uğurlar gərgin məşqlərin, çəkilən əziyyətin bəhrəsidir. Təmsilçilərimiz bu oyunlara yüksək səviyyədə və məsuliyyətlə hazırlaşmışdılar. Rio-2016-nın bürünc mükafatçısı taekvondoçumuz Patimat Abakarovadan qızıl medal gözləyirdik. Patimat ona bəslənilən ümidləri doğrultdu. Zorxana idman növündə də idmançımız Rüfət Güləliyev qızıl medal, komanda yarışlarında gümüş medal qazandı. Atletimiz Rahib Məmədov isə gümüş medala sahib çıxdı. Klub təmsilçilrinin bu nəticəsini yüksək dəyərləndirirəm. İnanıram ki, yetirmələrimiz bundan sonrakı yarışlarda da bizə qələbə sevinci yaşadacaqlar.

 

 

 

Bu xəbərə də bax

Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında keçirilən futzal üzrə ənənəvi çempionatın püşkatma mərasimi keçirilib

Fevralın 15-də Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan …