Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçirilib

 

 

Oktyabrın 6-da Şamaxıda Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Oleq Krapivinin şərəfinə sərbəst güləş üzrə VII Açıq Respublika turniri keçirilib. Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunan ənənəvi yarışda 2003-2004-cü illər təvəllüdlü yeniyetmə pəhləvanlar mübarizə aparıb. Azərbaycanın bütün bölgələrindən və idman cəmiyyətlərindən güləşçilərin qatıldığı turnirdə Rusiya, Gürcüstan, İran, Qazaxıstan, Ukrayna və Qırğızıstandan olan komandalar da iştirak edib. Ümumilikdə 45, 48, 51, 55, 60, 65, 71, 80, 92 və 110 kq-da 350-dən çox güləşçi qüvvəsini sınayıb. Yarışın fəxri qonaqları ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini yad ediblər. Onlar daha sonra Heydər Əliyev Mərkəzində olub. Yarışın təntənəli açılış mərasimində Şamaxı Rayonu İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, MOK-un vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev, AGİN-in aparıcı mütəxəssisi Tofiq Eyvazov və Oleq Krapivin çıxış edərək yarış iştirakçılarına uğurlar arzulayıb. Daha sonra dövlət himni səsləndirilib. Açılış mərasiminin rəsmi hissəsi başa çatdıqdan sonra yerli rəqqaslar milli rəqsdə məharətlərini göstəriblər. Oleq Krapivinin dəvəti ilə Şamaxıya gəlmiş Ukraynada yaşayan soydaşımız, müğənni Vaqif Nağıyev ifasıyla güləşsevərlərin zövqünü oxşadıqdan sonra turnir qaldığı yerdən davam edib. Gərgin keçən qarşılaşmalardan sonra qaliblər müəyyənləşib.

Yarışın yekununda Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası tərəfindən 3 nominasiya üzrə mükafat, eləcə də, Oleq Krapivinə “Azərbaycan güləşinin inkişafındakı xidmətlərə görə” kubok təqdim edilib. Ukrayna təmsilçisi Rostislav Prus “Ədalət pirinsiplərinə sadiq idmançı”, Faiq Xəlilov “Ədalətli oyun prinsiplərinə sadiq məşqçi”, Sevinc Yusubova “Ədalətli oyun prinsiplərinə sadiq hakim” nominasiyaları üzrə mükafatlandırılıblar.  

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …