“Milli Məclis” jurnalının yubiley sayı işıq üzü görüb

 

 

 Azərbaycan parlamentinin ilk jurnalı olan “Milli Məclis” jurnalının ilk nömrəsinin çapdan çıxmasının 10-cu ildönümü ərəfəsində jurnalın 50-ci yubiley sayı işıq üzü görüb.

2007-ci ilin mayında təsis edilən  “Milli Məclis” jurnalının baş redaktoru, əməkdar jurnalist Ülviyyə Abdullayeva bildirib ki, 10 il əvvəl nəşrə başlayan “Milli Məclis” analitik informasiya jurnalı Azərbaycanın qanunverici orqanının mətbu nəşri kimi keçən müddət ərzində ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən mühüm hadisələri obyektiv işıqlandırmaqla yanaşı, müstəqil dövlətimizin suverenliyinə, insanların rifahına xidmət edən qanun yaradıcılığı proseslərinə də səhifələrində geniş yer verib: “Müasir parlamentin sözçüsü olan nəşr dövlətçiliyin və müstəqilliyin prinsiplərini əsas tutaraq üzərinə düşən tarixi missiyanı layiqincə yerinə yetirmək üçün əzmlə çalışır”. Bu fikirlər “Milli Məclis” jurnalının sonuncu sayında da əksini tapıb.

Nəşrdə Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun “Üç dəniz əfsanəsindən dördüncü dənizə doğru”: Xəzərdən başlayan enerji dəhlizi Adriatik dənizinədək uzanacaq” adlı yazısı dərc olunub. Yazı 31 may 3 iyun tarixlərində Bakıda keçirilən XXIV Beynəlxalq “Xəzər, Neft və Qaz-2017” sərgi və konfransı, həmçinin VII Xəzər Beynəlxalq “Energetika və Alternativ Enerji” sərgisinə həsr olunub.

Mayın 22-də İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranmasının 25-ci ildönümünə həsr olunan zirvə toplantısına həsr olunmuş yazı da maraq doğurur. Yazıda Zirvə toplantısında ölkəmizi təmsil edən Milli Məclisin sədri Oqtay Əsədovun çıxışı, eləcə də bu sahədə görülən işlər öz əksini tapıb. Jurnalda “Parlament nümayəndə heyətinin Latviyaya səfəri uğurlu oldu”, “Azərbaycan nümayəndə heyəti NATO PA-nın yaz sessiyasında iştirak etdi” başlıqlı yazılar öz əksini tapdı. Jurnalda həmçinin tanınmış siyasətçilər, nazirlər, bir sıra rəsmilərin jurnalın 10 illiyi ilə bağlı təbrikləri də yer alıb. Dərgidə oxucular ulu öndər Heydər Əliyevin xatirə zalına həsr olunmuş Milli Məclis Aparatı rəhbərinin xidmətinin baş məsləhətçisi Günel Rəhimova ilə müsahibə ilə də tanış ola bilərlər. Milli Məclisin deputatı akademik Nizami Cəfərovun “Milli Qurtuluşdan millət quruculuğuna” adlı yazısı Azərbaycan Xalqının Milli Qurtuluş Gününə həsr olunub. “Avropa Oyunlarının standartlarını yazan Azərbaycan İslam həmrəyliyi oyunlarının standartlarına da öz imzasını atdı” başlıqlı müsahibədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayevin maraqlı fikirləri yer alıb. Müsahibədə İslam Oyunlarının ölkəmizdə təşkili, bu oyunların Azərbaycana gətirdiyi yeniliklər barədə bir sıra maraqlı məqamlara toxunulub.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …