“İnanıram ki, atletlərimiz daha yüksək əyarlı medalları komandamızın aktivinə yazdıracaqlar”

Tokio-2020-də Azərbaycan nümayəndə heyətinin tərkibində yer alan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev atletlərimizin çıxışları ilə bağlı “Olimpiya dünyası”qəzetinə fikirlərini bildirib. MOK rəsmisi XXXII Yay Olimpiya Oyunlarında idmançılarımızın çıxışı barədə bunları deyib: “Olimpiya Oyunları xüsusi əhəmiyyət kəsb edən və bütün dünyanın diqqət mərkəzində olan böyük idman bayramıdır. Belə ki, bəzən Avropa və dünya çempionatının qalibləri gözlənilmədən Olimpiadada uğursuzluğa düçar olurlar. Bu fakt dəfələrlə öz təsdiqini tapıb. Düzünü desəm, Tokio-2020-də Azərbaycan olimpiya komandasının güclü idmançılarının belə asanlıqla məğlub olmalarını qəbul etmirəm. Çünki idmançı üçün əsas şərt Olimpiadaya lisenziya qazanmaq deyil. Lisenziya əldə edərək Olimpiya Oyunlarında çıxış etmək hüququ qazanmaq böyük şərəf olsa da, bu nəticə məsələnin tam həlli deyil. Əsas odur ki, bu möhtəşəm yarışlarda sonadək əzmlə mübarizə aparasan. Hesab edirəm ki, atletlərimiz nəticələrdən asılı olmayaraq, qalib gəlmək üçün öz fiziki güclərini səfərbər ediblər. Psixoloji hazırlıqda müəyyən problemlər ola bilərdi. Lakin buna baxmayaraq, hələlik 3 bürünc medal qazanmağımız bizi ruhdan salmamalıdır. Əlbəttə, Olimpiadada iştirak edən atletlərin hamısı medal qazana bilməz. Ancaq yüksək nəticə gözlədiyimiz bir neçə idmançının zəif çıxış etməsini gözləmirdik. Etiraf edim ki, biz Milad Beigi Herçəqanini Tokio-2020-nin qalibi kimi görürdük. Həqiqətən də o, yarışlarda çox güclü bir rəqib təsiri bağışlayırdı. Lakin təmsilçimiz məğlub oldu. Həmçinin Rüstəm də çox güclü yaponiyalı idmançı ilə üz-üzə gəldi. Düzdür, idmançımız yaxşı təsir bağışlasa da, rəqib ondan üstün oldu. Ümumiyyətlə, qeyd etdiyim kimi, Olimpiya Oyunları xüsusi oyunlardır. Belə ki, burada fiziki hazırlıqla yanaşı, həm də psixoloji hazırlıq böyük rol oynayır. Buna görə də, psixoloji cəhətdən tam hazır olmayan idmançılar burada gözlənilmədən məğlub olurlar.Milli Olimpiya Komitəsinin vitse-prezidenti güləş komandamıza böyük ümidlərin olduğunu vurğuladı. “Olimpiadada qazanılan 3 bürünc medaldan biri güləş idman növündəndir. İnanıram ki, böyük ümüdlər bəslədiyimiz güləşçilərimiz və karateçilərimiz daha yüksək əyarlı medalları komandamızın aktivinə yazdıracaqlar. Çox istərdim ki, onlar qızıl medal ilə bizi sevindirsin. Atletlərimizdə olan potensiala və gücə arxalanaraq, inanıram ki, arzumuza çatacağıq”, – deyə Xəzər İsayev bildirib.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …