İlham Əliyev Avropa “Fair Play” Hərəkatının prezidentini və vitse-prezidentini, Beynəlxalq “Fair Play” Komitəsinin prezidentini qəbul edib

002Azərbaycanın artıq beynəlxalq idman yarışlarının yüksək səviyyəli təşkilatçısı kimi dünyada öz sözünü dediyini vurğulayan Avropa “Fair Play” Hərəkatının vitse-prezidenti Erdoğan Arıpınar Bakının ev sahibliyi etdiyi birinci Avropa Oyunlarını böyük hadisə kimi qiymətləndirdi. Erdoğan Arıpınar Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının ilk birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda təşkil olunmasına verdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.
001Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer də birinci Avropa Oyunlarını maraqla izlədiyini qeyd edərək Oyunların ölkəmizdə uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, insanların yarışları böyük ruh yüksəkliyi ilə izləmələrinin və hər bir idmançıya səmimi dəstək nümayiş etdirmələrinin onda böyük təəssürat yaratdığını vurğuladı.
003Birinci Avropa Oyunlarını Bakıda şəxsən izlədiyini məmnunluqla qeyd edən Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti də Oyunların yüksək səviyyədə təşkili və Azərbaycan idmançılarının qazandığı nailiyyətlər münasibətilə dövlətimizin başçısını təbrik etdi. Ölkəmizdə idman sahəsinə, xüsusən ədalətli oyunlara göstərilən diqqəti yüksək qiymətləndirən Jeno Kamyuti Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının Bakıda ilk birgə konqresinin təşkil edilməsinin qarşılıqlı əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirdi. Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Azərbaycanın təşkilatın tədbirlərinə ev sahibliyini öz üzərinə götürdüyünə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə etdi, ölkəmizin müvafiq qurumları ilə əməkdaşlığı gələcəkdə də davam etdirmək arzusunda olduqlarını dedi.
004Beynəlxalq “Fair Play” Komitəsinin və Avropa “Fair Play” Hərəkatının birgə konqresinin və Avropa “Fair Play” Hərəkatının 21-ci Baş Assambleyasının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edən dövlətimizin başçısı burada çoxlu sayda nümayəndə heyətlərinin iştirakını yüksək qiymətləndirdi. Prezident İlham Əliyev beynəlxalq idman qurumları ilə əməkdaşlığın önəminə toxunaraq, tədbir zamanı maraqlı müzakirələrin aparılacağına ümidvar olduğunu qeyd etdi. Birinci Avropa Oyunlarının ölkəmizdə böyük marağa səbəb olduğunu bildirən dövlətimizin başçısı Azərbaycan idmançılarının uğurlu çıxışlarını xatırladı.
Daha sonra Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Prezident İlham Əliyevin Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğunu dedi və mükafatı dövlətimizin başçısına təqdim etdi.
Prezident İlham Əliyev Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalına layiq görüldüyünə görə təşəkkürünü bildirdi, dövlət başçısı, həmçinin Milli Olimpiya Komitəsinin prezidenti kimi gələcəkdə də idmanın inkişafına ardıcıl dəstəyi davam etdirəcəyini vurğuladı.

Bu xəbərə də bax

Azərbaycan Ədalətli Oyunlar Komissiyasının mükafatları sahiblərinə təqdim olunub

Dekabrın 27-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ilin idman yekunlarına dair tədbir keçirilib. …