Güləşçimiz beynəlxalq turnirdə bürünc medala layiq görülüb 

010-17840-920-485-100-wm-right_bottom-100-imageswmpngŞamaxı Olimpiya İdman Kompleksində sərbəst güləş üzrə dünya çempionu Oleq Krapivinin şərəfinə beynəlxalq turnir keçirilib. Yarış başlamazdan öncə təşkilat komitəsinin üzvləri Şamaxı şəhərindəki Heydər Əliyev parkında ümumilli liderin abidəsini ziyarət edərək ulu öndərin xatirəsini ehtiramla yad ediblər.
Daha sonra turnirin rəsmi açılış mərasimi olub. Mərasimdə çıxış edən Şamaxı şəhər İcra Hakimiyyəti, Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının rəsmiləri həmyerlimiz, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri Oleq Krapivinin təşəbbüsü ilə keçirilən bu turnirin əhəmiyyətini qeyd edib, yeniyetmə güləşçilərin yarış təcrübəsinin artırılmasında və Ukrayna-Azərbaycan dostluq əlaqələrinin inkişafındakı xidmətindən danışıblar. Çıxış edənlər Oleq Krapivinin təşkilatçılığı ilə Ukraynanın paytaxtı Kiyevdə ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq güləş turnirinin də ildən-ilə nüfuz qazandığını vurğulayıblar.
Sayca 4-cü dəfə təşkil olunan yarışda Respublikanın 32 rayon və şəhərindən, o cümlədən Ukraynadan ümumilikdə sərbəst güləş üzrə 300-ə yaxın yeniyetmə idmançı iştirak edib. Azərbaycan Güləş Federasiyasının yeniyetmələr üzrə vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev bölgələrdə bu cür yarışların təşkilinin güləşin kütləviliyinə xidmət etdiyini bildirib:
“Bu yarışlar sınaq yarışlarıdır. Güləşçilər bu cür turnirlərdə özlərini göstərə bilirlər. Oleq Krapivin bundan əlavə bir neçə ildir ki, Ukraynın paytaxtı Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsinə beynəlxalq güləş turniri də təşkil edir. Bizim idmançılarımız da orada iştirak edir, medalla qazanır, bayrağımızı yüksəldirlər.”
Olimpiya çempionu qeyd edib ki, veteran güləşçilərimizin Oleq Krapivinin timsalında güləş idman növünün inkişafı üçün təşkil etdiyi bu cür yarışlar bütövlükdə ölkə başçısı cənab İlham Əliyevin uğurla davam etdirdiyi dövlət idman siyasətinə bir töhfədir.
Sərbəst güləş üzrə ölkə yığma komandasının məşqçilər korpusunun üzvləri, həmçinin veteran güləşçilər də yarışı izləyənlər arasında olub. Gərgin idman mübarizəsi şəraitində 10 çəki dərəcəsində keçən yarışlarda Qazax, Şamaxı, Masallı, Abşeron, Ağstafa, Şirvan, Astara, eləcə də Ukrayna təmsilçiləri fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Qaliblər yarışın təşkilatçıları tərəfindən diplom, medal, kubok və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Yarışda Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvü, məşqçi Cavid İbrahimovun yetirməsi İsmayıl Cabbarlı (66 kq) bürünc medala layiq görülüb.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …