Gömrük orqanları arasında ənənəvi futzal çempionatına yekun vurulub

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş futzal üzrə çempionat başa çatıb.

  Yarışda Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarının komandaları iştirak edib.

Çempionatın final oyunu Dövlət Gömrük Komitəsinin mərkəzi aparatı və Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandaları arasında keçirilib. Gərgin mübarizə şəraitində keçən və hər iki komandanın əzmkarlıq nümayiş etdirdiyi oyun Naxçıvan gömrükçülərinin 4-3 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin komandası I, Dövlət Gömrük Komitəsinin mərkəzi aparatının komandası II, Sumqayıt Baş Gömrük İdarəsinin komandası isə III yerə çıxıb.

Xatırladaq ki, aprelin 12-də start götürən çempionatda 4 mərhələ üzrə 2 qrupda (A və B qrupları) ümumilikdə 12 komanda mübarizə aparıb. Qeyd edək ki, çempionatın təşkilində əsas məqsəd gömrük orqanlarında çalışan əməkdaşların sağlamlığının və fiziki hazırlığının inkişaf etdirilməsi, kütləviliyin təmin edilməsi olub.

Çempionatın mükafatlandırma mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Rza Həsənəliyev müasir Azərbaycanın qurucusu, ümummilli lider Heydər Əliyevin idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açıb, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı qələbələrin bunun bariz nümunəsi olduğunu vurğulayıb.

Mərasimdə çıxışedən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Gənclər və İdman Nazirliyi adından yarışın təşkilatçılarına minnətdarlığını bildirib. Raqif Abbasov DGK tərəfindən gömrük işinin təşkili ilə yanaşı, idmana xüsusi önəm verilməsinin təqdirəlayiq olduğunu vurğulayıb.

Sonra DGK rəhbərliyi tərəfindən turnirin qaliblərinə və mükafatçılarına Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin kubok, diplom və medalları, eləcə də hədiyyələr təqdim olunub.

Turnirdə fərqlənən 6 oyunçu müxtəlif nominasiyalarda diplomlarla təltif olunublar. Müslüm Hüseynov “ən əzmkar oyunçu”, Emin Kərimov “ən texnikalı oyunçu”, Orxan Rzayev “ən yaxşı yarımmüdafiəçi”, Zaur Əsədov “ən yaxşı müdafiəçi”, Rahil Tahirli “ən yaxşı qapıçı”, Nizami Şərifov, Azad Hüseynov “ən yaxşı hakim” nominasiyalarının qalibi olublar.

Yarışların keçirilməsində əməkdaşlıq etdiklərinə görə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasova, Azərbaycan Texniki Universitetinin İdman Kompleksinin direktoru Emin Zeynalova, ATUİK-nın direktor müavini  Adıgözəl Rəcəbova xatirə medalları təqdim olunub.

Mərasimin yekununda Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev tərəfindən Arazxan Teymurov “ədalət prinsiplərinə sadiq məşqçi”, Ramazan Ağayev “ədalət prinsiplərinə sadiq idmançı”, Elçin Səmədli “ədalət prinsiplərinə sadiq hakim” nominasiyalarında mükafatlarla təltif ediliblər. AzƏOK tərəfindən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədova xüsusi kubok təqdim edilib.

 

Bu xəbərə də bax

DGK İSM “Gömrükçü”İK-nın boks üzrə açıq birinciliyi keçirilib

Mayın 12-dən 14-dək Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun “28 May Respublika …