Futzal üzrə birinciliyin açılış mərasimi keçirilib

açılış

Fevralın 1-də “Abu Arena” İdman Kompleksində Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş futzal üzrə birinciliyin açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ulu öndərin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş və bu gün açılışı gerçəkləşdirilən turniri gömrükçülərin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmiş, komandalara uğurlar arzulamışdır. S.Mehdiyev ümummilli lider Heydər Əliyevin Azərbaycanda bütün sahələrə, o cümlədən idmanın inkişafına göstərdiyi diqqət və qayğıdan söhbət açmış, uşaqların və gənclərin sağlam mühitdə böyüməsinə yönələn bu siyasətin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etmiş, bölgələrimizdə gənclərin idmana və bədən tərbiyəsinə axınını, eləcə də respublikamızın rayonlarında dünya standartlarına cavab verən olimpiya idman komplekslərinin istifadəyə verilməsini, bu işlərin geniş vüsət almasını, eləcə də bu günlərdə ilk Avropa Olimpiya Oyunlarının respublikamızın paytaxtında keçirilməsinin qərara alınmasını dövlətimizin dünya miqyasında idmana verdiyi yüksək dəyərin bariz nümunəsi kimi səciyyələndirmişdir. Sonda bir daha komandalara uğurlar arzulayan S.Mehdiyev futzal yarışını açıq elan etmişdir.

Rəsmi açılış mərasimindən sonra yarışlara start verilmişdir. Xatırladaq ki, yarışlarda iki qrup üzrə 16 komanda mübarizə aparır. Bu gün keçirilən oyunlarda Naxçıvan Dövlət Gömrük Komitəsi Gəncə Gömrük İdarəsini 11:0,  Bakı Baş Gömrük İdarəsinin II komandası Dövlət Gömrük Komitəsini 7:5, Biləsuvar Gömrük İdarəsi Gəncə Gömrük İdarəsini 7:2 və nəhayət, Naxçıvan Dövlət Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsini 10:0 hesabı ilə məğlub etmişdir.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan qurumlar arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş futzal üzrə birinciliyə may ayının 10-da yekun vurulacaq.

aç3

aç2

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.