DGK İSM “Gömrükçü” İK-nın təmsilçiləri IV İslam Həmrəyliyi Oyunlarını 2 qızıl, 2 gümüş medalla başa vurdular  

Mayın 12-dən 22-dək Azərbaycan daha bir mötəbər yarışa – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etdi. İdmançılarımız bu yarışda onlara bəslənilən ümidləri doğruldaraq 75 qızıl, 50 gümüş, 37 bürünc medalla ümumi komanda hesabında birinci pillədə qərarlaşdılar.

Sevindirici haldır ki, Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun Idmançıları da onlara bəslənilən ümidləri doğruldaraq  IV İslam Həmrəyliyi Oyunlarında 2 qızıl, 2 gümüş medala sahib çıxdılar. Oyunlarda taekvondo, atletika, stend atıcılığı və zorxana üzrə 6 idmançımız bağarığını nümayiş etdirdi. Komandamızın üzvləri atletika, taekvondo, zorxana idman növlərində 4 medala sahib çıxdılar.    

IV İslam Həmrəyliyi Oyunlarında komandamızın aktivinə ilk medalı atletimiz Rahib Məmmədov yazdırdı. O, atletika üzrə kişilər arasında 110 metr məsafəyə maneələrlə qaçış yarışında gümüş medala sahib oldu. İdmançımız bu məsafəni 14,18 saniyəyə qət etdi. Qızıl medalı Səudiyyə Ərəbistanı idmançısı Ahmed Almuvallad, bürünc medalı isə iraqlı Mohammed Sad Al-Xfaci əldə etdilər.

İlk qızıl medalı isə komandamızın aktivinə qadın taekvandoçumuz Patimat Abakarova (49 kq) yazdırdı. İdmançımız ilk görüşdə Fələstin təmsilçisi Layan Caber ilə üz-üzə gəldi. O, rəqibindən 19:7 hesabı ilə üstün olub. Azərbaycan təmsilçisi yarımfinalda iranlı Şalmei Sudabe Poursadiqini 15:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazandı. Taekvondoçumuz finalda qazaxıstanlı Aynur Yesbergenovanı 14:4 hesabı ilə məğlub etdi. Bununla da Patimat Abakarova IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan taekvandoçularının aktivinə ikinci, DGK İSM “Gömrükçü” İK-nın aktivinə isə ilk qızıl medalı yazdırdı. Qeyd edək ki, karyerası ərzində bir çox nailiyyətlər qazanan Patimat Abakarova Azərbaycan Taekvando Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ildə qatılıb. 2013-cü ildə İndoneziyadakı III İslam Həmrəyliyi Oyunlarında və “Bakı-2015” birinci Avropa Oyunlarında bürünc medal qazanıb. O, 2015-ci ildə Koreya Respublikasında hərbçilərin dünya çempionatında birinci, Böyük Britaniyadakı beynəlxalq Qran-pri turnirində isə üçüncü yerə sahib olub. 2016-cı ildə İsveçrədə böyüklər arasında Avropa çempionatında ikinciliklə kifayətlənib.

Ötən ilin yanvarında İstanbulda təşkil olunan taekvando üzrə Avropa Olimpiya təsnifat turnirinin qalibi olan P.Abakarova, eyni zamanda, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. O, 49 kiloqram çəki dərəcəsində Rio Olimpiadasında bürünc mükafata yiyələnib. Bu il böyüklər arasında respublika çempionatının və Antalyada keçirilən klublararası Avropa çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Mayın 20-də “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının zorxana yarışlarına start verildi. Mübarizəyə qoşulan Azərbaycan komandasının heyətində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun yetirməsi Rüfət Gülalıyev də yer almışdı. Sevindirici haldır ki, Azərbaycan komandası yarışların birinci günündə gümüş medala sahib oldu. “Baku Crystal Hall”da keçirilən yarışlarda kişi idmançılar komanda hərəkətləri üzrə bacarıqlarını nümayiş etdirdilər. Yarışda doqquz ölkə – Azərbaycan, Əfqanıstan, Banqladeş, İran, İraq, Qırğızıstan, Pakistan, Tacikistan və Uqanda milliləri mübarizə aparırdı. Yarışda qızıl medalı İran, bürünc medalları isə Əfqanıstan və İraq komandaları qazandılar.

Qeyd edək ki, Rüfət Gülalıyev mayın 21-də keçirilən zorxana yarışlarında kişilər arasında səngi növü üzrə mübarizədə qızıl medal qazandı. Bununla o klubun aktivinə ikinci qızıl medalı yazdırdı. Gümüş medala iranlı Mobin Zibalağa, bürünc medallara isə əfqanıstanlı Hakimulla Bigzadə və tacikistanlı Novruz Arabov sahib oldular.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman klubunun kollektivi adından idmançılarımızı təbrik edir, inanırıq ki, təmsilçilərimiz bundan sonra da onlara bəslənilən ümidləri doğruldacaqlar.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …