DGK İSM “Gömrükçü” İK-nın idmançıları Çeçenistanın “Axmat-İçigeki” klubunun üzvlərinə 2:1 hesabı ilə qalib gəliblər

Dekabrın 24-də Azərbaycan Boks Mərkəzində El-1 İdman Klubu İctimai Birliyi və Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun birgə təşkilatçılığı ilə El-1 idman növü üzrə “Prezident kuboku” yarışı keçirilib. Yarışda DGK İSM “Gömrükçü” İK-nın idmançıları ilə bərabər Çeçenistanın “Axmat-İçigeki” komandalarının üzvləri iki yaş qrupu üzrə (gənclər 16-18 yaş və böyüklər 18 yaşdan yuxarı) mübarizə aparıblar. Gənclər arasında 60 və 65 kq, böyüklər arasında 75 və 80 kq çəki dərəcələri üzrə keçirilən yarışda “Gömrükçü” İK-nın üzvləri rəqiblərinə ümumilikdə 2:1 hesabı ilə qalib gəliblər. Bir döyüş isə heç-heçə ilə nəticələnib. Bununla da klub təmsilçiləri kubokun Azərbaycanda qalmasına nail olublar. Yarışda I və II yerləri tutmuş idmançılar müvafiq dərəcəli diplom və medalla, I yeri tutmuş komanda isə kubokla təltif ediliblər. Qeyd edək ki, “Qarabağ Azərbaycanındır və nida işarəsi” devizi altında keçirilən yarışın təşkilində məqsəd Azərbaycanda  EL-1 idman növünün təbliği və inkişaf etdirilməsi, idmançılar və ölkələr arasında dostluq əlaqələrinin gücləndirilməsi, məşqçilər və komandalar arasında təcrübə mübadiləsi, idmançıların vətənpərvərlik ruhunda tərbiyə edilməsi olub. “Prezident kuboku”nun hər il ənənəvi olaraq təşkili nəzərdə tutulur.

 

 

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …