DGK İSM “Gömrükçü” İK II Avropa Oyunlarında 3 idmançı ilə təmsil olunacaq

Məlum olduğu kimi, iyunun 21-30-da Minskdə keçiriləcək II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları və ölkəmizin nümayəndə heyəti iyunun 18-də Belarusa yola salınıb. Qeyd edək ki, Azərbaycanı “Minsk 2019”da idmanın 11 növü üzrə 82 atlet təmsil edəcək. Sevindirici haldır ki, yığma komandamızın heyətində Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun 3 idmançısı da yer alıb. Təmsilçilərimiz yunan-Roma, boks və sambo idman növlərində qüvvələrini sınayacaqlar. Belə ki, Kərim Cəfərov (67 kq) yunan-Roma, Bəxtiyar Qazıbəyov (64 kq) boks, Emil Həsənov (68 kq) isə sambo yarışlarında mübarizə aparacaqlar. Oyunlar zamanı Belarus paytaxtına Avropanın 50 ölkəsindən 4 minə yaxın idmançının, 2 minə yaxın məşqçi və xidmət heyətinin gələcəyi gözlənilir. Oyunlarda idmanın 15 növü üzrə 200 dəst medal uğrunda mübarizə aparılacaq. İdmanın 8 növü üzrə yarışlar 2020-ci ildə Tokioda keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına təsnifat xarakteri daşıyacaq. Boks və cüdo yarışları Avropa çempionatları səviyyəsində keçiriləcək.

Yarışlar idman üzrə 650 beynəlxalq, həmçinin 410 yerli hakim tərəfindən idarə olunacaq. Minskə xarici KİV-lərin mindən artıq nümayəndəsi, idmanın müxtəlif növləri üzrə Avropa federasiyalarının 100-dən çox prezidenti və baş katibi, Avropa ölkələrinin idman nazirləri, EOC-un mənzil-qərargahının 250-dən çox nümayəndəsi və işçisi, Avropa MOK-larının prezidentləri və baş katibləri, Avropa MOK-un 200-dən çox qonağı, həmçinin Avropa dövlətlərinin prezidentləri, Baş nazirləri və yüksəkvəzifəli şəxsləri gələcəklər. Tədbirdə 8 minə yaxın könüllü fəaliyyət göstərəcək.

2019-cu ilin II Avropa Oyunlarının yarışları Minskin ən iri idman qurğularında, o cümlədən “Dinamo”, “Minsk-arena”, “Çijovka-arena” stadionlarında keçiriləcək.

Oyunların iştirakçılarının və xarici azarkeşlərin qonaqpərvərliklə qarşılanması və mənzil başına rahat çatması məsələlərində Belarus paytaxtının turizm sahəsi, mehmanxana və nəqliyyat infrastrukturu tam şəkildə cəlb olunub. Bununla əlaqədar nəqliyyat xidmətinin kompleks planı hazırlanır. Planda şəhərin gündəlik tələbatı da nəzərə alınacaq.

Xatırladaq ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda keçirilib. “Bakı-2015”də Azərbaycan idmançıları 56 medal (21-15-20) qazanaraq komanda hesabında Rusiyadan sonra ikinci pillədə yer alıblar.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …