Bu qələbəni şəhid olan hərbiçilərimizin xatirəsinə ithaf edirik

ibrahim

Gənc güləşçilərimiz dünya çempionatında kürsünün ən yüksək piləsinə qalxıblar. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komandamız Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında inamlı qələbə qazanıb. Komanda hesabında kürsünün ən yüksək pilləsinə qalxan pəhləvanlarımız ümumilikdə 5 qızıl və 1 gümüş medala layiq görülüblər.

Avqustun 7-də vətənə dönən idmançıların Heydər Əliyev Beynəlxalq Hava limanında təntənəli qarşılanma mərasimi olub. Azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar. Gənc pəhləvanlarımız qazanılan bu qələbəni son günlər cəbhə xəttində şəhid olan hərbiçilərimizin xatirəsinə həsr etdiklərini bildiriblər. “Düşmən qüvvələrinin atəşkəsi pozduqları bir vaxtda bütün sahələrdə qazandığımız nailiyyətlər qürurvericidir. Hər bir qələbəmiz düşmənə ağır zərbədir”. Bu fikirləri isə Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev dünya çempionatında pəhləvanlarımızın uğurlu çıxışlarına münasibət bildirərkən söyləyib: “Son günlər düşmənin növbəti təxribatı nəticəsində igid oğullarımızın şəhid olması xalqımız üçün çox ağırdır. Analarımız şəhid dağına mərdliklə dözür, müzəffər ordumuzun torpaqlarımızı azad etməsini səbirsizliklə gözləyirlər. Bütün sahələrdə, eləcə də idman arenasında əldə edilən yüksək uğurlar Azərbaycanın gücündən, qüdrətindən xəbər verir”.

Öz növbəsində, Yunan-Roma güləşi üzrə Azərbaycan millisinin böyük məşqçisi Şaban Donat mətbuata açıqlamasında idmançılarımızın qazandıqları uğuru tarixi hadisə adlandırıb, ölkəmizdə idmanın bu növünün həmişə inkişafda olduğunu qeyd edərək qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edib. Azərbaycan-Ermənistan cəbhəsində erməni təxribatlarının artması fonunda gənc pəhləvanlarımızın qələbəsi ölkə ictimaiyyətinin də sevincinə səbəb olub. Belə ki, güləşçilərimizdən 4-ü erməni idmançıları ilə qarşılaşaraq inamlı qələbə qazanıblar. O cümlədən, dünya çempionatında  DGK İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun güləşçisi, 50 kq çəki dərəcəsində mübarizə aparan İbrahim Nurullayev elə ilk görüşdə erməni rəqibinə aman verməmiş, onu böyük hesabla məğlub etmiş və sonrakı görüşləri uğurla başa vuraraq qızıl medala layiq görülmüşdür. Çempionatın ilk günündə əldə edilən bu qələbə şübhəsiz ki, təkcə klubumuzun deyil, Güləş Federasiyasının, idman ictimaiyyətinin və Azərbaycan xalqının qələbəsidir. Ümumiyyətlə, Azərbaycan idmançıları Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən güləş üzrə dünya çempionatının ilk günündəcə 2 qızıl medal qazanıblar. Avqustun 5-də start götürən çempionatda güləşçimiz Elman Muxtarov 60 kq çəki dərəcəsində mübarizə apararaq finaladək uğurla addımlamış və erməni rəqibini məğlub edərək qızıl medala sahib olub. Çempionatda digər idmançılarımızdan Murad Məmmədov 55 kq çəki dərəcəsində, İslam Abbasov  84 kq çəki dərəcəsində qızıl medala, Ruhin Mikayılov 66 kq çəki dərəcəsində gümüş medala sahib olub. Beləliklə güləşçilərimiz ümumilikdə 5 qızıl və 1 gümüş medal qazanaraq Azərbaycan güləş tarixində yeni səhifə yazıblar. Səkkiz çəki dərəcəsində finala yüksələn idmançılarımız komandanın gələcəyinin etibarlı əllərdə olduğunu sübuta yetirib. Yekunda 59 xal toplayan yığmamız komanda hesabında dünya çempionatını birinci sırada tamamlayıb. İkinci yeri Gürcüstan , üçüncülüyü isə Türkiyə yığması əldə edib. Xatırladaq ki, 2012-ci ildə Taylandda keçirilən dünya çempionatında da gənc Yunan-Roma güləşçilərimiz komanda hesabında birinci olub. Ancaq həmin vaxt güləşçilərimiz 3 qızıl və 1 bürünc medalla vətənə qayıtmışdılar.

album_4969_9bkcbgxz6n

Bu xəbərə də bax

AzƏOK-tərəfindən müxtəlif illərdə təsis olunan mükafatlar

AzƏOK 2007-ci ildən etibarən hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.