Başın sağ olsun Vətən!

Başın sağ olsun, Vətən!

 

Aprelin 1-dən 2-nə keçən gecə erməni silahlı qüvvələri müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə hücuma keçib və yaşayış məntəqələrimizi atəşə tutub. Təxribatın qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilib.
Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Azərbaycan Silahlı Qüvvələri hücumu dəf edərkən düşmənin mövqelərinə sarsıdıcı zərbələr vurub.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları, o cümlədən aprelin 2-dən bu günə qədər Ermənistan silahlı birləşmələrinin cəbhənin təmas xəttindəki təxribatlarının qarşısının alınması nəticəsində düşmənin 370-dən artıq hərbi qulluqçusu məhv edilib.
Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan ordumuzun 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb. Davam edən təxribat xarakterli hücumlar nəticəsində Azərbaycan ordusu 16 şəhid verib. Təəssüflər olsun ki, hərbi qulluqçularla yanaşı, dinc əhali arasında ölən və yaralananlar da var.

Qoşunların təmas xəttində yaranan gərginlik hələ də davam edir. Ordumuz gözlənilən bütün təxribatların qarşısını almağa hazırdır. Hazırda yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, cəbhəboyu əməliyyat şəraiti tam nəzarət altına alınıb. Döyüşlərdə iştirak edən şəxsi heyətin döyüş qabiliyyəti, hərbi təcrübəsi və döyüş ruhu yüksək qiymətləndirilir. Düşmənə bundan sonra da layiqli cavab veriləcəyinə, doğma torpaqlarımızın tezliklə düşmən tapdağı altından xilas ediləcəyinə inanırıq.

m60

Qəhrəman oğullarımızın qəsbkar erməni işğalçılara qarşı döyüşlərdə qazandıqları misilsiz qəhrəmanlıqlar əsl vətənpərvərlik nümunəsidir. Onlar müharibə cəbhələrində igidliklə vuruşaraq doğma respublikamızın ərazi bütövlüyünün qorunması üçün öz canlarını qurban verirlər.

Dövlətimiz məsələnin sülh yolu ilə həllinə çalışır. Ali baş komandan, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasəti nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qısa müddət ərzində ölkəmizin ərazi bütövlüyü çərçivəsində, beynəlxalq hüququn normaları əsasında həll olunacağına inanırıq.

Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzi idmançılar ordusu adından düşmənlə döyüşlərdə şəhid olan soydaşlarımızın yaxınlarına və ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyir.
Doğma torpaqlarımızın müdafiəsi uğrunda həlak olan bütün şəhidlərimizin xatirəsi bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır. Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Başın sağ olsun, Vətən!

 

Dövlət Gömrük Komitəsi

İdman-Sağlamlıq-Mərkəzi

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …