Bakıda Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının iclası öz işinə başlayıb

DSC_0577

Mayın 13-də DİN-in “Xəzri” İstirahət və Sağlamlıq Mərkəzində Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının növbəti iclası və Nazirliyin İdman Cəmiyyətinin yaranmasının 15 illik yubileyinə həsr olunmuş tədbir öz işinə başlayıb.

Açılış mərasimdə Daxili işlər naziri general-polkovnik Ramil Usubov, Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Xəzər İsayev və Çingiz Hüseynzadə, DTBKŞ-nın sədri, «Dinamo» Cəmiyyəti Sədrinin müavini, general-mayoru Vladimir Timoşin iştirak ediblər. Koordinasiya Şurasının sədri Vladimir Timoşin iclası giriş özü ilə açaraq respublikamızın möhtəşəm idman oyunlarına ev sahibliyi etdiyini, mükəmməl idman infrastrukturunun yaradıldığını, bunun nəticəsində Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmələrindən məmnunluğunu bildirib.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbir iştirakçılarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından salamlayıb və ən xoş arzularını çatdırıb. Bakıda keçirilən toplantının idman sahəsində gələcək əməkdaşlığımızın inkişafına yeni imkanlar açması baxımından böyük önəm kəsb etdiyini, ümumən, idmanın multikultural proses olaraq dostluq, həmrəylik, etika, ədalət, qarşılıqlı hörmət kimi bəşəri dəyərlər ilə səsləşdiyini, onları təbliğ etmək fürsəti verən nadir bir qüvvə olduğunu vurğulayıb, idman yarışlarının onu təşkil edən ölkəyə öz tarixini, ənənələrini, ədəbiyyatını, musiqisini nümayiş etdirmək imkanı yaradan və ən başlıcası qlobal sülhə çağırış mahiyyəti daşıyan tədbir olduğunu qeyd edib.
Daha sonra qonaqlara ölkəmizin zəngin tarixi,  mədəniyyəti, keçdiyi çox mürəkkəb, lakin şərəfli yol, müstəqillik illərində Milli Lider Heydər Əliyevin rəhbərliyi altında dövlətçiliyin qorunması, iqtisadi inkişafın və cəmiyyətin sosial müdafiəsinin təmin edilməsi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi  hərtərəfli quruculuq işləri və islahatlar, cinayətkarlıqla qətiyyətli mübarizə, ictimai asayişin nümunəvi təmini, kriminogen durumun nəzarətə götürülməsi barədə ətraflı məlumat verilib.
DSC_0571Xüsusi qeyd olunub ki, Ulu Öndərin və möhtərəm dövlət başçımızın həyata keçirdikləri strategiyanın məntiqi nəticəsi olaraq, bu gün ölkəmiz beynəlxalq aləmdə müstəqil siyasət yürüdən, öz prinsipial mövqeyi ilə seçilən, ümumbəşəri problemlərin həllinə töhfələr verən nüfuzlu bir dövlət kimi tanınır. Çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi edərək regionda və daha geniş arealda multikulturalizm mərkəzi statusunu ildən-ilə gücləndirən respublikamız, onun paytaxtı Bakı şəhəri son illər dünyanı bürüyən problemlərdən çıxış yolunu arayan, qlobal məsələlərin müzakirə edildiyi zirvə görüşlərinin, konfransların, humanitar forumların keçirildiyi bir məkana çevrilib.
Daxili işlər naziri deyib ki, ötən il ilk Avropa Oyunlarını yüksək səviyyədə təşkil etməklə Azərbaycan idman tarixində yeni maraqlı səhifə açıb. Bu il Bakıda “Formula-1” Qran-Pri yarışları, Dünya Şahmat Olimpiadası, habelə 2017-ci ildə İslam Həmrəylik Oyunları keçiriləcəkdir ki, bu da multikulturalizm dəyərlərinin bütün sahələrdə özünü büruzə verdiyini bir daha təsdiq edir.
Bildirilib ki, ölkəmizdə həyata keçirilən quruculuq işləri çərçivəsində gənclərlə iş və idman sahəsinə də xüsusi diqqət yetirilir. Kütləvi bədən tərbiyəsi və idman artıq cəmiyyət həyatının ayrılmaz tərkib hissəsinə çevrilib. 1997-ci ildən başlayaraq müxtəlif bölgələrdə bir-birinin ardınca çoxsaylı idman obyektləri, o cümlədən olimpiya kompleksləri inşa edilib, bir çox müvafiq infrastruktur yenidən qurulub. İndi Azərbaycanda güclü idman potensialı formalaşıb. Böyüməkdə olan nəsil adlı-sanlı idmançılardan nümunə götürür və onların şərəfli yolunu davam etdirməyə çalışır.
Nazir qeyd edib ki, yarandığı 1926-cı il 9 mart tarixindən idmanımızın bayraqdarına çevrilən «Dinamo» İdman Cəmiyyəti 2001-ci ildən Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti adlanır və idmanın inkişafına böyük töhfələr verir, şəxsi heyətin fiziki hazırlığında müstəsna rol oynayır. Əməkdaşların professional hazırlığının yüksəldilməsi, fiziki və psixoloji gərginliklə bağlı olan əmək funksiyalarının icrasında dözümlüyünün artırılması məqsədilə bədən tərbiyəsinin və idmanın inkişafı üzrə aparılan işlər bütövlükdə cinayətkarlığa qarşı mübarizənin, ictimai asayişin qorunmasının peşəkarlıqla həyata keçirilməsinə öz müsbət təsirini göstərir.
Daha sonra tədbir iştirakçılarına ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hələ də öz həllini  tapmaması, torpaqlarımızın 20 faizinin işğal edilməsi, xalqımızın məruz qaldığı soyqırımı, etnik təmizləmə, bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə də məlumat verilib. Təəssüflə qeyd olunub ki, BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsi təcavüzkar dövlət tərəfindən hələ də icra edilmir.
Çıxışının sonunda daxili işlər naziri Ramil Usubov Dinamo Təşkilatlarının Beynəlxalq Koordinasiya Şurasının Bakıda keçirilən iclasının işinə uğurlar arzulayıb.
Sonra çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkə başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin xüsusi qaygısı sayəsində bu gün Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini, Olimpiya və ötən il Bakıda keçirilmiş I Avropa Oyunlarında idmançılarımızın qazandıqları parlaq qələbələrdə DİN-in İdman Cəmiyyəti yetirmələrinin əhəmiyyətli payı olduğunu, Daxili İşlər Nazirliyi rəhbərliyinin daimi diqqəti nəticəsində sözügedən qurumun nümayəndələrinin beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etdiklərini məmnunluqla vurğulayıb.
Sonda Azərbaycanda “Dinamo” hərəkatının 90 illiyinə həsr olunmuş sənədli film nümayiş etdirilib.
İki gün davam edəcək tədbirdə Belarus, Bolqarıstan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Moldova, Rusiya, Rumıniya, Tacikistan, Ukrayna dövlətlərinin müvafiq qurumlarının rəhbərləri, eyni zamanda, Daxili İşlər, Təhsil, Gənclər və İdman nazirliklərinin, Milli Olimpiya Komitəsinin təmsilçiləri, idman veteranları iştirak edirlər.

DSC_0615

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …