Azərbaycanın taekvondo tarixində ilk Olimpiya medalını “Gömrükçü” İdman Klubunun üzvü Patimat Abakarova qazandı

14714857786002860766_1000x669Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarının on ikinci günündə – avqustun 17-də qadınlar arasında taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, Avropa çempionatının və “Bakı-2015”in bürünc mükafatçısı Patimat Abakarova dayanq üzərinə çıxıb.
Turnirdə 49 kiloqram çəki dərəcəsində yarışan P.Abakarova səkkizdəbir finalda hazırki Avropa çempionu, eləcə də ötən il dünya çempionatının bürünc, birinci Avropa Oyunlarının gümüş medalçısı serbiyalı Tiyana Boqdanoviç ilə qarşılaşmada rəqibinə 2:3 hesabı ilə məğlub olub. P.Abakarovanın (49) rəqibi finala yüksəldiyi üçün taekvondoçumuz təsəlliverici görüşlərə qatılmaq imkanı əldə edib. Təmsilçimizin bürünc medal uğrunda ilk rəqibi çinli Jinqyu Vu olub. Qarşılaşmada idmançımız 4:3 hesablı qələbə qazanıb. O, təsəlliverici döyüşlərdə sonuncu rəqibi fransalı Yasmin Azeizə 7:2 hesabı ilə qalib gələrək XXXI Yay Olimpiya Oyunlarını bürünc mükafatla başa vurub. Bu, Azərbaycanın taekvondo tarixində qazanılmış ilk olimpiya medalı olub.
Qeyd edək ki, İdmançı karyerası ərzində bir çox nailiyyətlər qazanan Patimat Abakarova 1994- cü il oktyabrın 23-də Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində anadan olub. Azərbaycan Taekvondo Federasiyasının yığma komandasının tərkibinə 2012-ci ilin sonlarında qatılıb. 2013-cü ildə İndoneziyadakı İslam Həmrəylik Oyunlarında və “Bakı-2015” birinci Avropa Oyunlarında bürünc medal qazanıb. Ötən il Koreya Respublikasında hərbçilərin dünya çempionatında birinci, Böyük Britaniyadakı beynəlxalq Qran-pri turnirində isə üçüncü yerə sahib olub. 2016-cı ildə İsveçrədə böyüklər arasında Avropa çempionatında ikinciliklə kifayətlənib.
Bu ilin yanvarında İstanbulda təşkil olunmuş taekvondo üzrə Avropa Olimpiya təsnifat turnirinin qalibi olan P.Abakarova, eyni zamanda, “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
Patimat Abakarova taekvondo üzrə bir çox beynəlxalq yarışlarda mükafatçılar sırasında yer alıb. Patimat Abakarova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin “Gömrükçü” İdman Klubunun üzvüdür.

İdmançımız yarışdan sonra fikirlərini bölüşərək deyib: “İlk görüşdə məğlub oldum. Səbəbi isə həyəcanlı olmağım idi. Sadəcə, özümü vaxtında ələ ala bilmədim. Həmin görüşdən sonra başa düşdüm ki, potensialımdan maksimum istifadə etsəydim qələbə qazana bilərdim. Bürünc medal üçün şans yarananda bu fürsəti əldən qaçırmamaq üçün bütün var gücümü topladım. Özümə inandığım üçün döyüşə əminliklə çıxdım. Çinli ilə döyüşüm çətin olsa da öhdəsindən gəldim. Bürünc medal uğrunda Fransa təmsilçisi ilə qarşılaşmam isə gözlədiyim qədər də çətin olmadı. Taekvondo tarixində ilk Olimpiya medalı qazandığım üçün qürur duyuram.

Patimat Abakarovanın şəxsi məşqçisi Tərənnüm Bayramov yetirməsinin qələbə qazanacağına inandığını bildirib: Patimat son qitə çempionatında uğurla çıxış etmişdi. Olimpiya Oyunlarında medal qazanacağına inanırdım. Fiziki, taktiki və texniki cəhətdən əla idmançıdır. Patimatın son döyüşləri inamlı təsir bağışladığından qələbə qazanacağına əmin idim”.

Patimat Abakarova Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzini adından təbrik edirik!

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …