Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur

191256Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir. Azərbaycanda Millli Mətbuat Günü iyulun 22-də, 141 il əvvəl Həsən bəy Zərdabi tərəfindən ilk çap nəşri – “Əkinçi”qəzetinin buraxıldığı gündə qeyd edilir.
Ötən əsrin 80-ci illərindən milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez dördüncü hakimiyyət adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur.
Bu gün ölkədə mindən çox kütləvi informasiya vasitəsi qeydiyyatdan keçib. Onların bir hissəsi daimi olaraq nəşr olunur. Azərbaycan artıq qlobal informasiya sisteminə qoşulub. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və “Mətbuat haqqında” Qanun qəbul edilib. Azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqram hazırlanıb və dövlət başçısına təqdim edilib.
Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.
Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar – vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub.
Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli “Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında” fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Ümummilli Liderin mətbuata bu cür dost münasibəti jurnalistlər tərəfindən də yüksək dəyərləndirildi. Heydər Əliyev 2002-ci il martın 22-də “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən “Jurnalistlərin dostu” mükafatına layiq görüldü.  Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata – Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2009-cu ilin martın sonunda imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir.
Ulu Öndərin siyasi kursunu davam etdirən Prezident İlham Əliyev hər beş ildən bir milli mətbuatımızın yubileyinin təntənə ilə keçirilməsini ənənəyə çevirib. Dövlətimizin başçısı milli mətbuatın yubileyi ilə bağlı ilk Sərəncamı 2005-ci il iyunun 20-də imzaladı, mətbuatımızın 130 illik yubileyi bütün ölkə miqyasında qeyd olundu, çoxlu sayda KİV əməkdaşı orden və medallarla təltif edildi, fəxri adlara, Prezident təqaüdünə layiq görüldü.
Milli mətbuatımızın 135 illiyi də böyük təntənə ilə qeyd edilib. Bu dəfə də mətbuat nümayəndələri fəxri adlara və mükafatlara layiq görülüblər, kütləvi informasiya vasitələrinə maddi yardım ayrılıb. Mətbuat Şurası üçün yeni binanın ayrılması, onun müasir avadanlıqla təmin edilməsi, Prezident İlham Əliyevin binanın açılışında iştirakı, jurnalistlər qarşısında çıxışı bir daha bu həqiqəti təsdiq etdi ki, azad mətbuatın inkişafı dövlət siyasətində prioritetdir.
Prezident İlham Əliyevin Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Sərəncamı isə jurnalistlərə yeni əhval-ruhiyyə gətirdi, böyük rəğbətlə qarşılandı. Mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədilə 2010-cu il Prezidentin Ehtiyat Fondundan Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsaitin ayrılması mətbuat tariximizdə mühüm hadisə kimi dəyərləndirildi. Təsadüfi deyil ki, 2010-cu il dekabrın 1-dən 20-dək “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi 2010-cu ildə “Jurnalistlərin dostu” mükafatı qalibinin müəyyənləşdirilməsi ilə bağlı KİV və jurnalist təşkilatları arasında keçirdiyi sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyev kütləvi informasiya vasitələrinin inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb.
2013-cü il iyulun 22-də dövlətimizin başçısı jurnalistlər üçün tikilmiş binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində iştirak edib. Həmin gün Prezident İlham Əliyev hazırda jurnalistlər üçün inşa edilən növbəti binanın təməlqoyma mərasimində iştirak edib. Bütün bunların nəticəsidir ki, dövlətimizin başçısı həmin il noyabrın 24-də ikinci dəfə “Jurnalistlərin dostu” seçilib.
Ötən il mayın 2-də Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın 140 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Bakıda və respublikamızın bölgələrində milli mətbuatın yaranmasının 140 illiyi ilə əlaqədar çoxsaylı tədbirlər keçirilib.
Bu il iyulun 21-də isə dövlətimizin başçısı Azərbaycan Respublikasında nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı ayrılması haqqında Sərəncam imzaladı. Sərəncama əsasən, Azərbaycanda nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna bir milyon manat ayrılıb. Prezident İlham Əliyevin həmin gün imzaladığı digər Sərəncama əsasən isə Azərbaycan mətbuat işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması üçün inşa olunan yaşayış binasının tikintisinin davam etdirilməsi məqsədilə 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna üç milyon manat ayrılıb.
Bütün bunlar göstərir ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması hər zaman dövlətimizin başçısının diqqət mərkəzindədir.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …