Azərbaycanda idmanın inkişafı yüksək qiymətləndirilib

 

Azərbaycanda idmanın inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Bu fikirlər Avropa Savat Konfederasiyasının prezidenti Rodolf Rodom və Beynəlxalq və Fransa Savat Federasiyalarının prezidenti Joel Dumezlə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevin görüşündə ifadə olunub.

Azərbaycan Savat Federasiyasının dəvəti ilə Azərbaycana səfər edən qonaqlar noyabrın 14-də Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı önünə tər güllər düzülüb.

Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar. Görüş zamanı qonaqlar Azərbaycanın idman sahəsində böyük inkişaf yolu keçdiyini, ölkəmizin dünyada beynəlxalq yarışların yüksək səviyyəli təşkilatçısı kimi tanındığını vurğulayıblar. Qeyd olunub ki, dünyada getdikcə böyük populyarlıq qazanan savat idman növünün Azərbaycanda daha da inkişaf etdirilməsi istiqamətində federasiya ilə əməkdaşlıq bundan sonra da uğurla davam etdiriləcək.

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan MOK-un vitse-prezidenti Xəzər İsayev ölkə idmanının inkişaf etdiyini, atletlərimizin ən mötəbər yarışlarda nailiyyətlər qazandıqlarını diqqətə çatdırıb. AzƏOK-un sədri ölkəmizdə ədalətli oyunlar sahəsində görülən işlər barədə federasiya rəsmilərinə məlumat verib. O qeyd edib ki, Ədalətli Oyunlar Hərəkatı sülh və həmrəylik rəmzi hesab olunmaqla yanaşı, dünya xalqları arasında daha sıx əlaqələrin qurulmasına mühüm töhfə verir. Qonaqlar  Azərbaycana səfərlərindən məmnunluğunu ifadə edib, qarşılıqlı əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə inandığını bildiriblər. Görüş zamanı nümayəndələrə MOK-un vitse-prezidenti Xəzər İsayevin müəllifi olduğu “Olimpiya tarixi, idman siyasəti” və “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabları xatirə olaraq təqdim edilib.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …