Azərbaycanda Ədalətli Oyunlar Hərəkatının inkişafı yüksək qiymətləndirilib

Azərbaycanda Ədalətli Oyunlar Hərəkatının inkişafına dövlət tərəfindən yüksək diqqət və qayğı göstərilir.

Bu fikirlər Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin (BƏOK) prezidenti, Macarıstan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin üzvü Jeno Kamuti ilə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayevin görüşündə ifadə olunub.

MOK-un yaranmasının 25 illik yubileyi münasibətilə təbriklərini çatdıran Jeno Kamuti Azərbaycanın idman sahəsində böyük inkişaf yolu keçdiyini, ölkəmizin dünyada beynəlxalq yarışların yüksək səviyyəli təşkilatçısı kimi tanındığını vurğulayıb. Qeyd edib ki, Ədalətli Oyunlar Hərəkatı sülh və həmrəylik rəmzi hesab olunmaqla yanaşı, dünya xalqları arasında daha sıx əlaqələrin qurulmasına mühüm töhfə verir. O, BƏOK tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafı və təbliği istiqamətində görülən işlərdən danışıb. Qonaq ölkəmizdə bu sahənin inkişafına göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.

Macarıstanlı qonaq BƏOK-un və Avropa Ədalətli Oyunlar Hərəkatının ilk birgə konqresinin və Avropa Ədalətli Oyunlar Hərəkatının 21-ci Baş Assambleyasının Azərbaycanda keçirilməsinin əməkdaşlığın uğurlu rəmzi olduğunu bildirib.

Azərbaycanda idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açan MOK-un vitse-prezidenti ölkə idmanının inkişaf etdiyini, atletlərimizin ən mötəbər yarışlarda nailiyyətlər qazandıqlarını diqqətə çatdırıb. Qeyd edib ki, Azərbaycan I Avropa və IV İslam Həmrəyliyi oyunları kimi mötəbər yarışlara uğurla ev sahibliyi etməklə mükəmməl təşkilatçılıq qabiliyyətini növbəti dəfə bütün dünyaya göstərdi.

Xəzər İsayev AzƏOK-un beynəlxalq təşkilatlarla əlaqələrinin yüksək səviyyədə qurulduğunu, Azərbaycanın Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının konqres və assambleyalarında fəal iştirak etdiyini bildirib. O, Azərbaycanda idmanın inkişafı sahəsindəki xidmətlərinə, ədalətli oyunlar hərəkatına verdiyi dəstəyə və idmanda ədalət prinsiplərinə sadiqliyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin Beynəlxalq “Fair Play” Komitəsinin xüsusi medalı ilə təltif olunduğunu diqqətə çatdırıb və beynəlxalq qurum tərəfindən ölkəmizə göstərilən etimada görə təşəkkürünü bildirib.

Azərbaycanda bu sahədə görülən işlərdən danışan AzƏOK sədri qurum tərəfindən paytaxt və regionlarda orta məktəblərdə, ali təhsil ocaqlarında və idman məktəblərində seminarların və təbliğati işlərin həyata keçirildiyini vurğulayıb. O, bu cür tədbirlərə tanınmış atletlərlə yanaşı, fiziki qüsurlu idmançıların və vətəndaşların da cəlb olunduğunu deyib.

MOK-un vitse-prezidenti Azərbaycan dövləti tərəfindən Ədalətli Oyunlar Hərəkatının inkişafına dəstəyin gələcəkdə də uğurla davam etdiriləcəyinə, əlaqələrimizin inkişafına əminliyini bildirib.

Görüşdə Ədalətli Oyunlar Hərəkatının inkişafı istiqamətində nəzərdə tutulan perspektiv planlar müzakirə olunub.

Bu xəbərə də bax

Türkiyə mətbuatı Xəzər İsayevin müəllifi olduğu “Azərbaycanda Ədalətli Oyunlar-20 il” kitabı ilə bağlı məqalə dərc edib

  Türkiyənin tanınmış “Yenigun” qəzetində Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər …