Azərbaycan triatlonunun tarixi medalı

14671009723425954680_1000x669Fransanın Şatoru şəhərində Azərbaycan triatlonu tarixinə yeni səhifə yazılıb. Söhbət sprint üzrə Avropa çempionatından gedir. Burada milli yığmamızın lideri Rostislav Pevtsov fərqlənərək gümüş medal qazanıb. Daha əvvəl qitə birinciliklərində komandamızın idmançılarının medal qazanmadıqlarını nəzərə alsaq, Fransadakı nəticəni qələbə adlandırmaq olar.
AZƏRTAC Azərbaycan Triatlon Federasiyasına istinadla xəbər verir ki, bu, cari mövsümdə Rostislav Pevtsovun artıq üçüncü medalıdır. O, bu il ilk mükafatını Nyu-Plimutda (Yeni Zelandiya) qazanıb, sonra Çinin Çenqdu şəhərində oxşar startda ikinci olub. Azərbaycan təmsilçisi bu yarışların gedişində Rio-de-Janeyro Olimpiadasına vəsiqə qazanıb. Bu baxımdan Şatoruda sprint üzrə Avropa çempionatı müəyyən mənada 2016-cı ilin Olimpiya Oyunlarına hazırlıq olub.
Çempionatda yetərincə güclü idmançılar iştirak edib: rusiyalı Dmitri və İqor Polyanskilər, fransalı Luis Vinsent, habelə bir sıra digər adlı-sanlı idmançılar. Onların bir çoxu hələ startdan əvvəl düşünürdü ki, R.Pevtsov fəxri kürsü uğrunda mübarizə aparmağa qadirdir, hadisələrin gedişatı isə bunu bir daha təsdiq etdi. R.Pevtsov yarışın lap əvvəlindən hadisələri qabaqlamamağa çalışır, öz strategiyası ilə hərəkət edirdi. O, tədricən rəqiblərini geridə qoyurdu. Qarşıda isə yalnız qalan triatlonçuları xeyli geridə qoyan L.Vinsent görünürdü.
Finişə çathaçatda məlum oldu ki, Azərbaycan triatlonçusu gümüş medalı əldən verməyəcək. O, çempionatı rəqiblərini xeyli geridə qoyaraq başa çatdırdı. Bürünc medalın sahibi, Böyük britaniyalı Şeldon Qrantı 14 saniyə qabaqladı. Qələbəni isə Luis Vinsent bayram etdi. Yarışda cəmi qırx altı atlet iştirak edirdi.
Avropa çempionatında qazanılan medal Azərbaycan triatlonu tarixində ilk medaldır. Qitə startlarında nəticələr bütövlükdə yüksələn xətt üzrə inkişaf edir: ötən il Avropa Oyunlarında bürünc mükafat, 2016-cı ildə Fransada Avropa çempionatında gümüş medal. Rostislav Pevtsov üçün mövsümün başlıca startı isə hələ qabaqdadır. Axı hər yeni yarış onu Rio-de-Janeyro Olimpiadasına yaxınlaşdırır.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …