Avropa Ədalətli Oyunlar Hərəkatının 23-cü Konqres və Assambleyası başa çatıb

Oktyabrın 24-dən 26-dək İsrailin Hayfa şəhərində Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 23-cü Konqresi və Assambleyası keçirilib. Tədbirdə ölkəmizi Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Azərbaycan Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq Mərkəzinin baş direktoru Xəzər İsayev təmsil edib. Tədbirdə 25 ölkənin və bir çox beynəlxalq idman təşkilatlarının nümayəndələri iştirak edirdi. Assambleyanın açılışında Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) prezidenti Kristian Hinterberger çıxış edərək iştirakçıları salamlayıb və müzakirə olunacaq mövzunu bir daha iştirakçıların diqqətinə çatdırıb. İsrailin Hayfa şəhərinin meri Yuna Vahab çıxışında Hayfa şəhərinin tarixi, coğrafiyası haqqında qısa məlumat verib.

Konqresdə “İdman barışıq vasitəsi kimi” mövzusunda geniş müzakirələr aparılıb.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev üzərində xüsusi simvol əks olunmuş hədiyyəni MOK-un rəhbərliyi adından Hayfa şəhərinin meri Yuna Vahaba təqdim edib.

Tədbirin qala proqramında AƏOH-un prezidenti Kristian Hinterberger tərəfindən ayrı-ayrı dövlətlərin və İcraiyyə Komitəsinin nümayəndələrinə mükafatlar təqdim olunub. AzƏOK sədri Xəzər İsayev Azərbaycan Milli Olimpiya Komitəsinin yaranmasının 25 illik yubileyi ilə əlaqədar Milli Olimpiya Komitəsinin rəhbərliyi adından xüsusi medallar və mükafatları AƏOH-un prezidenti Kristian Hinterbergerə, AƏOH-un icraiyyə Komitəsinin üzvü Baiba Veisaya, Konqresin Təşkilat Komitəsinin sədri, İsrail Gənclər və İdman Nazirliyinin nümayəndəsi Qazzi Nuceidata,  İsrail Ədalətli Oyunlar Komitəsinin sədri və İsrail Olimpiya Komitəsinin nümayəndəsi, Avropa Ədalətli Oyunlar Hərəkatının üzvü, Konqresin Təşkilat Komitəsinin üzvü Eyten  Baraka təqdim edib.

Eyni zamanda Türkiyə Ədalətli Oyunlar Komissiyasının sədri Ərdoğan Arıpınar, Latviya Ədalətli Oyunlar Hərəkatının sədri Baiba Veisa, Polşa Ədalətli Oyunlar Hərəkatının Sədri Halina Zdebska, Bolqariya Ədalətli Oyunlar Hərəkatının sədri Zoravka Yordanova arasında cəmiyyətdə ümümbəşəri dəyərlərin, etik normaların qorunması istiqamətində maarifləndirici işlərin aparılması idman yarışları zamanı meydana gələn neqativ hallara qarşı mübarizənin gücləndirilməsi üçün təbliğat işlərinin aparılması ilə əlaqədar fikirlər söylənilib.

Assambleya və Konqresdən sonra AzƏOK sədrinin Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının prezidentləri ilə görüşü zamanı gələcəkdə görüləcək işlər barədə müzakirələr aparılıb.

Növbəti Konqresin 2018-ci ildə hansı ölkədə keçirilməsi məsələsi gündəmə qoyulub və  üç dövlətin nümayəndələri  ilə (İngiltərə, Bolqarıstan, Portuqaliya) müzakirələr aparıldı. Qeyd edək ki, tədbirin hansı ölkədə keçirilməsi növbəti ilin yanvar ayında Avropa Ədalətli Oyunlar Hərəkatı İcraiyyə Komitəsi tərəfindən təsdiq olunacaq.




 

Bu xəbərə də bax

Taekvondoçumuz  Avropa çempionatının bürünc medalına sahib çıxıb

 Mayın 10-dan 13-dək Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına yekun vurulub. Yarışda yığma …