20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst güləş üzrə XXIII turnir keçirilib

Bakı İdman Sarayında 20 Yanvar şəhidi Müşfiq İsayevin xatirəsinə həsr edilən yeniyetmələr arasında sərbəst güləş üzrə XXIII turnirin yanvarın 15-də açılış mərasimi olub.

Əvvəlcə şəhid M.İsayevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə bədən tərbiyəsi və idmanın, o cümlədən güləşin inkişafına göstərdiyi diqqət və qayğıdan, habelə idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan söhbət açıb. Bildirib ki, son illər Azərbaycanda idman sürətlə inkişaf edir. Sevindirici haldır ki, bu idman növləri arasında güləş də özünəməxsus yer tutur. Ötən il ölkəmiz 60-dan çox beynəlxalq turnirə ev sahibliyi edib.

Güləşin tarixən Azərbaycanda ən geniş yayılmış idman növlərindən biri olduğunu deyən Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti, şəhid M.İsayevin qardaşı Xəzər İsayev qeyd edib ki, dövlətimizin idmana diqqət və qayğısının məntiqi nəticəsi olaraq son illər atletlərimiz yüksək nailiyyətlərə imza atıblar. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Olimpiya çempionu Namiq Abdullayev idmançılarımızın beynəlxalq arenada qazandıqları uğurlardan danışıb. Ölkəmizin irimiqyaslı yarışlara yüksək səviyyədə ev sahibliyi etdiyini bildirən vitse-prezident cari ilin də atletlərimiz üçün uğurlu olacağına əminliyini ifadə edib.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib və X.İsayev turniri açıq elan edib.

Özbəkistan nümayəndə heyətinin MOK-un vitse-prezidentinə xüsusi hədiyyəsi təqdim edildikdən sonra açılış mərasiminin bədii hissəsi nümayiş olunub.

Açılış mərasimindən sonra yarış davam edib.

Gənclər və İdman Nazirliyi, MOK və Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə reallaşan memorialın keçirilməsində məqsəd M.İsayevin xatirəsini yad etməklə yanaşı, yeniyetmələr arasında sərbəst güləşin inkişafına və kütləviliyə nail olmaq, ölkədə güləşin bu növü üzrə perspektivli idmançıları aşkar etməkdən ibarətdir.

Turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Rusiya, Gürcüstan, Qazaxıstan və Özbəkistandan olan güləşçilər də iştirak edirlər.

 

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …