Ədalətli mübarizə ruhunu xarakterizə edən amillər hansılardır?

Məlumat verdiyimiz kimi, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası, “Olimpiya dünyası” qəzeti ilə birgə “ İdman və Ədalətli Oyunlar” mövzusunda rəsm müsabiqəsi elan edib.  Müsabiqə şərtlərində qeyd olunduğu kimi, rəsmlər ancaq əl işlərindən ibarət olmalı, onların hazırlanması zamanı heç bir kompyuter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir. Çəkilən rəsmlərin mövzunu (“İdman və Ədalətli Oyunlar”) tam əhatə etməsi məqsədilə ədalətli oyun prinsiplərindən bəhs edən məqaləni diqqətinizə çatdırırıq.

Müasir dünyada ədalətli oyun qaydaları bütün sahələrdə özünü birüzə verir.  Bu qaydalara əməl edənlər cəmiyyət tərəfindən sevilir,  örnək kimi göstərilirlər. Şübhəsiz ki, «Fair play» qaydalarına ən çox ehtiyac duyulan sahə məhz idmandır. İstər beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, istərsə də, kiçikmiqyaslı yarışlarda belə, ədalət prinsipinin gözlənilməsi həmin yarışlara gözəllik bəxş edir.

İdmanın gözəlliyi ondadır ki, keçirilən qarşılaşmalar, oyunlar və s. zamanı idmançılar ədalətlilik prinsiplərinə riayət edirlər.  Ədalətli Oyunlar Hərəkatının əsas işi təkcə, idmanda deyil, gündəlik həyatda da ədalət prinsiplərini təbliğ etmək, insanlara örnək olan nümunələri üzə çıxarmaqdır. Ədalətli mübarizə ruhunu xarakterizə edən amillər aşağıdakılardır.

Ədalətli mübarizə

Əldə olunan uğurlardan zövq almaq üçün yalnız qələbə qazanmaq kifayət deyil. Zəfər ədalətli mübarizə və düzgünlüklə ölçülməlidir.

Hörmət

Hər bir atlet üçün qaydalar çərçivəsində mübarizə aparmaq yazılmış qanundur. Rəqibə, hakimə, azarkeşə hörmət isə ədalətli oyun prinsiplərinin yazılmamış qanunudur.

Dostluq

Yarış meydanında rəqabət dostluğa xələl gətirmir. Əksinə, dostluğun təməli rəqibə qarşı nəzakətli davranışdan başlayır.

Komanda ruhu

İdmançı fərdi olaraq güclü ola bilər, amma o, komandada daha da güclüdür. Qələbə anını komanda yoldaşları ilə bölüşmək daha gözəl hissdir.

Bərabərlik

Eyni şərtlər altında yarışmaq idmanda ən vacib amildir. Əks halda çıxışlar layiqincə qiymətləndirilə bilməz.

Dopinqsiz idman

Ədalətli Oyun təmiz mübarizə deməkdir. Dərmanlarlardan istifadə edən hər bir atlet oyun qaydalarını hər bir kəs üçün pozmuş olur.

Səmimiyyət

Səmimiyyətə və güclü mənəviyyata sahib olmaq Ədalətli Oyun prinsiplərinin əsasını təşkil edir. Qalib olmaq üçün düzgün etik qaydalar çərçivəsində məşq etmək zəruri amildir.

Həmrəylik

Qarşılıqlı dəstək, hissləri, məqsədləri və arzuları bölüşmək mühüm amildir. Həmrəylik meydanda və meydandan kənarda uğura yol açır.

Qayğı

Əsl çempionlar bir-birlərinin qayğısına qalirlar. Onlar yaxşı bilirlər ki, belə olmasa idi, onlar arzuladıqları zirvəyə yüksələ bilməzdilər.

Üstünlük

İdman insanları kamilliyə aparan yolda səyləri kollektiv şəkildə birləşdirməyə dəvət edir. Üstün olmaq vacibdir amma ədalətsiz qələbədən vacib deyil. Müasir Olimpiya Oyunlarının banisi Pyer de Kuberten deyib: “Həyatda ən vacib şey qələbə qazanmaq yox, mübarizə aparmaqdır”

.

P.S Məqalədə dərc olunan fotolar Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin keçirdiyi beynəlxalq rəsm müsabiqəsi iştirakçılarına aiddir.

Bu xəbərə də bax

Qalib idmançılarla görüş keçirilib

Avqustun 17-19-da Latviyanın Riqa şəhərində cüdo üzrə yeniyetmələr arasında  keçirilən Avropa birinciliyində uğur qazanan “Gömrükcü” İdman …